BAMF Tərtərdə "Gənclər üçün Kitabxana" layihəsinə başlayır

BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda "Gənclər üçün Kitabxana" layihəsi həyata keçiriləcək. Tərtər Rayon Regional Peşə Təlim Mərkəzi rayonda əhalinin sıx məşkunlaşdığını nəzərə alaraq yeni kitabxananın qurulmasını məqsədəuyğun görmüşdür. Digər məktəblərin şagirdləri ilə yanaşı rayonun bütün gəncləri buradan faydalana biləcəklər. Kitabxana həftənin 6 günü fəaliyyət göstərəcəkdir. Hər ay kitabxananın əməkdaşları və Məşvərət Şurasının üzvləri tərəfindən oxu günləri, görüşlər həyata keçiriləcəkdir.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC 24/7 Kitabxanası kitabla təmin olunmasında böyük dəstək nümayiş etdiriblər.

EDNews.net xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Tərtər rayonunda gənclər arasında kitaba maraq və onun faydaları ilə bağlı sorğu keçirib. Gənclərin fikirlərini sizlərə təqdim edirik:

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin 1-ci kurs tələbəsi İbrahimova Nərminin fikrincə elə bir insan yoxdur ki, "Kitab  xeyir nədir? " sualına cavab verə bilməsin. Lakin çoxlarının bu sehrli əşyanın dəyərini bilmədiyini deyən Nərmin kitabların insanların ən yaxın dostu və əzizi olduğunu bildirib. “Çox vaxt heç kimdən ala bilmədiyim məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insan özünü dərk etdiyi gündən onun ilk dostu kitabıdır.  Kitablar müxtəlifdir; dərs kitabları, bədii kitablar və s. Dərs kitabları ilə məktəbə gedən hər bir kəs tanış olur. Hər bir bədii kitab isə bir insandır,bir insanın taleyidir. Sən yeni kitab oxuduqaca yeni insanla, insanın taleyi ilə tanış olursan. Kitablarla tanış olduqca sən bir pillə qalxırsan və digər insanlardan üstün olursan.

Bununla bərabər ədəb-ərkan  qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xüsusiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır. Müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişdirilməsi üçün kitabları qoruyaq və onlardan səmərəli istifadə edək. Biz birlikdə güclüyük”, -deyə İ.Nərmin qeyd edib.

“Premium Academy”nin Direktoru Eyyubov Məhərrəm kitabın insanın düşüncələrin formulunu əsasının tam potensialın gücləndirilməsi istiqamətində addımların əsasını təşkil etdiyini və bu üsulun həyatın uğuru və istiqamətlərin düzgün tarazlanmasının əsas xarakterik xüsusiyyətləri olduğunu deyir. “Kitab sirli dünyadır, biz isə səyahətçi. Bu səyahət bizim səlahiyyətlərimiz öhdəliklərimiz olan həyatın düzgün şəkildə istiqamətləndirilməsidir. Həyatımızın kapitanı bizik sükanımız, beynimiz bizə yön verən, gəmimiz isə kitablardır. Kitablar bir imkandır. Kitabları okeana bənzədən Eyyubov Məhərrəmin sözlərinə görə, çox kitablar vardır ki, oxumağa ömür yetməz. Kitab elə bir xəzxinədir ki, o xəzinədən hər zaman yararlanmaq lazımdır. Kitab hər şeydən əvvəl bizim dünyagörüşümüzü artırır. Bizim özümüzü inkişaf etdirməyimizdə ən böyük vasitələrdəndir. Kitablar sayəsində bizim söz ehtiyatımız artır, daha da zənginləşir. Kitablar olmasa dünya cahillik zibilxanasi olar. Ona görə də, kitabların bizim həyatımızdakı rolu danılmazdır. Kitabı oxuduqca sevincli olub xoşbəxtliyə dalarıq,  pis hadisə oxuyub qəm-qüssədə olarıq. Yalnızkən deyil, həyatın addımlarını təsvir edərək hərəkət istiqamətini dəyişdirər kitab. Bu həmin kitablardır ki, həyatın gözəlliklərini və acısını qısa şəkildə bizə yaşadar, yalnız düşündürərək. Həyatın vahidi kitabdır, haqqı öyrədər, pisi tanıdıb yaxşını göstərər. Hər bir sirrinin açarı insanın özündədir, həyatın açarı kitabdadır”, -deyə E.Məhərrəm fikirlərini bölüşüb.

Azərbaycan Dövlət Pedaqoji Universtetinin məzunu, Psixoloq Quliyeva Mədinə deyir ki, hər zaman həyatımız planladığımız kimi getmir, bəzən qurduğumuz planın ya da xəyal və arzunun gerçək olmadığını görəndə pis oluruq. “Həyatda hər şey əla olacaq deyə bir şey yoxdur. Bizim həyatımız elə kitabxanadır deyə bilərik ... Və oxuduğumuz hər bir kitabda bir həyat yatdığını hiss edirik. Onlarla biz də yaşayırıq. Əgər bir kitab sizin bilik səviyyənizlə uygunlaşmırsa, çox çətindirsə onu oxumaq, sizə sıxıcı gələcək. Eyni zamanda, əgər bir kitab sizin üçün hədsiz asan bildiklərinizdən ibarət olacaqsa, yenə də o kitabı oxumaq sizin üçün sıxıcı olacaq. Ona görə gənclər, axışı qorumaq və orada hiss etmək lazımdır. Bir kitab oxuyacaqsızsa mütləq bu kitab sizin bilik səviyyənizə  uyğun olub, ona nəsə qatacaq kitab olmalıdır. İndi əlinizdə olan kitab və yaxud bu sözləri oxuyursansa demək ki, artıq seçimini etmisən. Sənə uyğun olanı seç, özünü dəyərli qıl, Sizi sevirik unutmayın”, o söyləyib.

Tərtər rayonu sakini, Gəncə Dövlət Regional kollecinin tələbəsi Musazadə Nərminə kitabın insan üçün ən yaxın dostu, əzizi olduğunu deyir. “Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Kitab oxumaq dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik.Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik. Fantaziyamız  inkişaf edir. Yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız  artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik. Göz və beyin koordinasiyamız artır. Daha sürətli görüb, dərketmə bacarığına sahib oluruq", -deyə o bildirib.

Sumqayıt Dövlət Universitetinin 2-ci kurs tələbəsi Mehdizadə Elnarə: “Smayls demişkən “Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər”.  Siz də bu gününüzün və gələcəyinizin ən yaxsı rəhbəri olmaq istəyirsinizsə kitabları çox oxuyun. Mənəvi zənginlik, ruh yüksəkliyi, psixoloji sağlamlıq, özünə inam və bəzi insani dəyərlərin zənginləşməsi üçün ən azı 2 kitab oxumaq lazımdı. Hər kitab bir insan həyatıdı, siz isə o həyatın doğrusunu, yanlışını kitab oxuyarkən də seçə bilərsiz. Kitabları sadəcə "mən çoxlu kitab oxuyuram" deyə YOX, özünüzü inkişaf etdirmək üçün oxuyun. Fikrimi Cəlaləddin Ruminin sözləri ilə tamamlamaq istəyirəm: “Yaxşı ki, cahillər kitab oxumurlar, yoxsa kitab nüfuzdan düşərdi”.

Qərbi Kaspi Universitetinin 1-ci kurs tələbəsi Ağazadə Fatimənin fikrincə, kitab bizim bir növ səyahət etməyimizə yardım edir. “Məsələn biz kitablar vasitəsi ilə müəyyən səyahətlər həyata keçirik. Ora da yazılan sözləri, obrazları gözümüzün önündə canlandırıb xəyal edirik və beləliklə bizim təsəvvür dünyamız inkişaf edərək böyüyür. Hər kitabda ayrı bir dünya mövcuddur və biz də o kitabları oxuduqca həmin dünyaları kəşf etmiş oluruq. Eyni zamanda biz kitablar vasitəsi ilə müxtəlif növdə elmlər, məlumatlar əldə edirik. Boşuna deməyiblər ki, kitab elm mənbəyidir”, -o deyib.

Təlimçi, pedaqoq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin məzunu Qədimova Məsməxanım qeyd edib ki, kitab bizim sərvətimizdir. “Əsrlər boyu neçə-neçə şairlərimiz, yazıçılarımız öz dəyərli fikirlərini yazaraq kitablar vasitəsi ilə bu günümüzə gəlib çıxmasına səbəbkar olmuşlar. Kitabların həyatımızdakı yeri və önəmi danılmazdır. Kitab insan ruhunun mənəvi sakitliyidir. Oxuduğumuz zaman "a həyatımla necə oxşardır" və ya "mən də belə düşünürdüm, mən də belə edərdim" deyə rahatlıqla düşünə biləcəyimiz, xəyal qurub dərinliklərinə enə biləcəyimiz yeganə sərvətdir. Hər nə qədər texnologiya dövründə yaşasaq da, kitab əsas bilik mənbəyi, əsas məlumat mənbəyidir. Bugünkü günümüzdə hələ də kitaba olan tələbat kitabsevər gənclərin olması böyük sevinc və xoşbəxtlikdir. Biz də bu günün gəncləri olaraq, kitabların həyatımızdakı yerini daima qoruyub-saxlamağı bacarmalıyıq.

Azərbaycan Gənclərinə Dəstək Proqramı Tərtər Rayon Məşvərət Şurasının üzvü Əlizadə Əfşanə bildirib ki, kitab bilik mənbəyidir. “Bunu hər kəs bilir. Ancaq dəyərləndirmək istəməyənlər, yaxud da bunu anlamayanlar var. Nə qədər kitablardan faydalansaq, bir o qeədər də yüksələr və daha da inkişaf etmiş olarıq. Hər bir ölkənin istedadlı və bilikli insanlara ehtiyacı var. Bu da yalnız və yalnız birbaşa kitabla bağlıdır. Gəlin hər zaman kitab oxuyaq və kitablardan yetərincə faydalanaq ki, ölkəmizin uğurlu gələcəyə doğru irəliləməsində bizim də qatqımız olsun. Əbəs yerə deyilməyib ki, kitab qəbir evinə qədər oxunmalıdır”.

Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fatimə Balayevanın sözlərinə görə kitab aynaya bənzəyir və həyatın gerçəklərini yansıdır. “Həyat məktəbdir, kitab müəllim, biz isə elmin sirrlərilə gizlin olan miflərin axtarışında olan qürbətçi. Axarış səngiməz, ən əsası həyatın rəngləri kimi kitabın da müxtəlif şəraitlərdə, müxtəlif yerlərdə və tarixlərdə yazılma forması vardır. Heç düşünmüsünüzmü nə üçün ötən əsrlərin sınağından keçmiş qədim kitablar indiyə qədər özünəməxsus gizliliyi və elmi saxlayıb. Bəs əsas səbəblər nədir? Yazarların uzaqgörən olmasımı, yoxsa dövrümüzü əhatə edən problemlərin indi də var olmasımı? Var oluşda gizlin qalan nədir? Bu sirrin açarı kimdədir? Bu suallara cavab tapa bilərsinizmi? Ötən əsrlərlə belə nə dəyişərsə dəyişsin insan oğlunun düşüncə tərzi dəyişsə də, daima problemləri heç bir zaman səngimədi. Əsas səbəb nə idi? İnsanların elmdən kənarda qalmasımı? Dünya görüşlərinin az olmasımı? Nizami Gəncəvinin, Nəsiminin şeirlərində, yazılan əsərlərdə heç bir zaman dəyişilməz qalan bir problem insan haqlarının tapdalanması və bilərəkdən olunan haqsızlıqlar. Dünya klassik ədəbiyyatından Aqata Kristinin "Şərq ekspressində qətl", Corc Orwilin "1984",  Şekspirin "Romeo və Culyetta" əsərlərində hələ də gündəmdə olan, daima oxunan kitabların əsas mövzu ideologiyası - "insanın edə bilməyəcəyi heç bir şey yoxdur”. Nizami Gəncəvinin dillərə dastan olan əsərləri daima diqqət mərkəzində oldu. İnsanlara olunan haqsızlıqlar, sevgi, həsrət, haqq və ədalətin banisi olan Nizami Gəncəvi zəhmətin nə qədər gözəl və hər bir vəziyyətdən üstün olacağını sübut etdi. Nəsimi haqlı olduqda haqqdan vaz keçməməyi, daima doğru olmağı bizə əmanət etdi. Haqlı olarkən haqsız oldu, günahsız yerə günahkar oldu. “1984-il” kitabında iki fikirirliyin banisi olan insanların antiutopiya janrında insanlara yönəlik “yeni dövrin kökələri” devizinin yazarı olan Corc Orwil əsasını qoydu. Aqata Kristi “Şərq ekspressində qətl” adlı kitabında ən böyük vəhşəti törədəcək olayları insan oğlunun kin və küdurətdən olunan haqsızlıqlara qarşı ən böyük planı qura biləcək insanın nələrə qadir olduğunu sübut etdi. Şekspir insanların həyatının sivilizasiyanın əsasını və ideal olmayan həyatın gerçək acılarının nə olduğunu, insanlara haqsızlıqlardan bəhs etdi. Kitabların uğurun sirrində var olduğunu bildiyimiz halda belə kitablardan üz döndərmişik. Kitablar bir həyatdır, bu həyatı kəşf etmək bizim əlimizdədir.

Kitabın faydaları yazdıqca bitməz. Bu sirli aləmin sadəcə bir parçası olan yazıçılardan biriyəm və kitabın insanın 3 şəkildə əsas fəaliyyət istiqamətini dəyişdiyini qeyd etmək istəyirəm: Düşüncənin formalaşması, diksiyanın düzəldilməsi, xəyal gücünün formalaşması, yazarların bacarıqlarını daha da gücləndirməsində əhəmiyyət kəsb edir. Elimin açarı kitabdır, bu qapını tapmaq üçün özünü kəşf etməyə başlamalısan”, deyə F.Balayeva mövqeyini bildirib.

Memar, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu Abidələrin Qorunması və Bərpası Şöbəsində Kiçik-Elmi İşçi Nigar Ramazanova: “Bu günə kimi kitabı dünyaya, körpüyə, aynaya, həyata və s. bənzətdilər. Mənə görə isə kitab insanın məhs özüdür. Bir deyim var ki, "Nə qədər kitab oxusan o qədər insansan". Kitab bizə insanlığımızı, kimliyimizi, duyğularımızın var olduğunu xatırladır. Kitab əslində məhz daxilimizdə yatan həmin şəxsi oyadır”, -deyə N.Ramazanova qeyd edib

XƏBƏR LENTİ