Bərdədə "Mina Təhlükəsizliyi" adlı maarifləndirici tədbir keçirilib

24 noyabr tarixində Bərdə rayonunda BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyi ilə birgə "Mina Təhlükəsizliyi" üzrə maarifləndirici tədbir keçirilib.

 Tədbirdə ANAMA-nın əməkdaşı Vasif Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru Şəmsiyyə Abbaszadə, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" Layihəsinin Koordinatoru Fariz Vəliyev, Layihə heyətinin üzvü Firuz Cabbarlı və Bərdə gəncləri iştirak ediblər.

Tədbirdə gənclərə hərbi sursat aşkar edərkən necə hərəkət etmələri izah olunub. Bildirilib ki, hər hansı hərbi sursat gördükdə ona əl vurmamalı, şübhəli əşyalara toxunmamalı, bu zaman özündən yaşca böyük şəxslərə məlumat verməli və dərhal 102 və ya 112 qaynar xəttinə zəng etməlidirlər. İştirakçılara, həmçinin ANAMA-nın fəaliyyəti barədə məlumat verilib.  

Daha sonra Bərdədə ən çox raket düşən yerlərə yaxın ərazilərdə ANAMA-nın maarifləndirici bukletləri paylanılıb, ictimai yerlərə maarifləndirici posterlər yapışdırıb.