Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə Təlimi


Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər, Bərdə, Goranboy Yeniyetmə və Gənclərinin Məşvərət Şurası üzvləri üçün təşkil olunmuş növbəti təlim Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə təlimi idi. Məqsəd cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclər arasında mina təhlükəsizliyi üzrə maarifləndirmə işini təşkil etmək üçün Məşvərət Şurası üzvlərini təlimçi kimi hazırlamaq idi. Bu məqsədlə Beynəlxalq Avrasiya Mətbuat Fondu öz tərəfdaşı olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) birlikdə Bərdə, Tərtər və Goranboy rayonlarında təlimlər keçirmişdir. Təlimlər ANAMA-nın Mina Təhlükəsizliyi üzrə Maarifləndirmə Proqramının rəhbəri, Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin Mina Təhlükəsi üzrə məsləhətçisi Musa Cəlalov tərəfindən keçirildi. Fəaliyyət planına əsasən təlim iki fazada təşkil olundu. 2017-ci ilin Fevral və Mart aylarında təşkil olunan təlimlərdə iştirakçılara mina və mərmi növləri, onların texniki göstəriciləri, təhlükəlilik səviyyəsi, minalanmış ərazilərin necə təyin olunmasının yolları, minalanmış ərazilərin əlamətləri, Mina Təhlükəsizliyi üzər Maarifləndirmə Proqramı, mina qurbanlarının ölkə üzrə statistikası, mina hadisələrinin fəsadları haqqında kimi məsələlərlə bağlı məlumat verildi. Bu təlimlərin yekunu olaraq Şura üzvlərinə məktəblərdə keçirəcəkləri təlimlərə hazırlaşmaq üçün “Mina Təhlükəsi” adlı orta təhsil məktəbləri üçün nəzərdə tutulmuş dərs vəsaiti təqdim olundu.