Ermənilərin İrəvan xanlığına kütləvi köcürülməsi- TƏHLİL

            1804-1813-cü illər arasında Azərbaycan torpaqlarının işğalı uğrunda gedən I Rusiya-İran müharibəsi zaman İrəvan xanlığı iki dəfə Rusiya qoşunlarının hücumuna məruz qaldı.  Lakin İrəvan xanlığı Rusiyaya təslim olmamış və öz müstəqilliyini qorumuşdu. I Rusiya - İran müharibəsi Gülüstan müqaviləsi ilə sona çatdı. Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqlarından başqa Arazdan şimalda yerləşən Azərbaycan xanlıqları Rusiya İmperiyasının ərazisinə daxil edildi. İrəvan xanlığı müstəqilliyini qorusa da , xanlığın bəzi əraziləri Rusiyaya ihlaq edildi.

            1826-cı ildə  şahzadə Abbas Mirzənin başçılığı ilə Qacar qoşunları Arazı keçir və II Rusiya-İran müharibəsi başlayır. Bu döyüşdə Qacar qoşunları ağır məğlubiyyətə düçar olur. 1827-ci ilin oktyabr ayının 1-də İrəvan qalası təslim olduqdan sonra, Rusiya qoşunları Azərbaycanın Arazdan cənubda olan torpaqlarına yönələrək, qısa müddət ərzində Təbrizi ələ keçirirlər.1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiyə və Ərdəbili ələ keçirirlər. Bu hadisədən sonra Qacarlar  sülh danışıqlarına getməyə məcbur olur. 1828-ci il fevralın 10-da  Türkmənçay kəndində bağlanan müqavilə II Rusiya-İran müharibəsinə son qoyur.  Bu müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqları Romanovlar Rusiyasının tərkibinə keçir. Müqavilə imzalandıqdan bir müddət sonra Rusiya imperatoru I Nikolay  21 Mart 1828-ci il fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ərazilərində "erməni vilayəti" yaratdığını elan edir. Beləliklə, İrəvan və Naxçıvan xanlıqları ləğv edilir və ermənilərin kütləvi şəkildə İrəvan xanlığına köçürülməsi başlayır.  Bu prosesdə A.S. Qriboyedovun çox böyük rolu var idi. Lakin rəsmi Rusiya sənədlərində erməni Lazarevlər ailəsinin üzvlərindən olan polkovnik L. Lazarevin böyük rolu olduğu göstərilib.

            XIX əsrin birinci otuzilliyində  Rusiya İmperiyası məqsədyönlü şəkildə apardığı köçürmə siyasəti nəticəsində Azərbaycanın Arazdan şimalda olan torpaqlarında ermənilərin sayında kəskin artım müşahidə edilib. Belə ki, Türkmənçay və Ədirnə sülh müqavilələri bağlandıqdan sonra 119,5 min erməni kütləvi şəkildə ölkəyə köçürülmüşdür.

 

          1826-1828-ci illər  II Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci ilin 14 iyulunda 12 minlik qoşunla Rusiya-Osmanlı müharibəsi başladı. Bu müharibədə bir sıra qələbələr qazanan Rusiya 1829-cu ilin sentyabrın 2-də bağlanmış Ədirnə müqaviləsindən sonra da köçürmə siyasətini davam etdirdi.  1829-1830-cu illərdə Osmanlı imperiyasından Azərbaycanın Arazdan şimalında yerləşən torpaqlarına 14,044 erməni ailəsi köçürüldü. Təkcə 1830-cu ildə Ərzurum və Bəyazid paşalıqlarından Göyçə gölünün cənub-şərq hissəsinə 20.000 erməni köçürüldü.

            XIX əsrin  baş verən demoqrafik dəyişikliklər İrəvan bölgəsinə ciddi təsir göstərmiş  və bu yerin əhalisinin etno-konfessional tərkibi 1828-1829-cu illərdə ciddi  dəyişilmişdi. Ermənilərin sayının İrəvanda kəmiyyətcə kəskin artması  onunla izah oluna bilər ki, Rusiya imperiyası İran və Osmanlı imperiyası ilə sərhəddə xristian elementindən təşkil edilmiş bufer zona yaratmaq istəyirdi. Bu məqsədlə, Tiflisin hərbi qubernatoru N.Sipyagin  İrəvan məkanına 75 mindən az olmayaraq erməninin köçürülməsini mümkün sayırdı. Azərbaycanlıların sayı kəskin şəkildə azalırdı. İrəvan əhalisinin  böyük əksəriyyəti yadelli işğalla barışmayaraq, İran və Osmanlı İmperiyası üz tutmuşdu. Bununla yanaşı İrəvan torpağı olan Pəmbək və Şorəyel Rusiya imperiyasının işğalından sonra cidddi demoqrafik dəyişikliyə məruz qalmışdı. 1931-ci ildə Pəmbək mahalında demək olar ki azərbaycanlılar qalmamış, XIX əsrin 50-ci illərində bu ərazidə cəmi 166 azərbaycanlı ailəsi qeydiyyata alınmışdır.

 

Fariz Vəliyev 

Politoloq

XƏBƏR LENTİ