Qırmızı Ordunun Törətdiyi Qara Yanvar

 

Üstündən 34 il keçsə də, o gecənin dəhşətini, vəhşətini heç kim unuda bilmir. Həmin gecə , 1920-ci ildə olduğu kimi, azadlığımıza silah tuşlamışdı. Ruhumuzu öldürmək istəyirdilər. Məqsəd gözümüzü qorxutmaq idi. Gecənin sakitliyini havada uçuşan güllə səsləri, bir də qanına boyanaraq torpağın üstə uzanmış insanların ərşə qalxan ah-naləsi səsləri pozurdu. 
    Bakı küçələrində günahsız övladlarımızı qətlə yetirən təkcə sovet əsgərinin gülləsi deyildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun məkri, qəzəbi, illərdir torpaqlarımızı əllərinə keçirmək istəyən ermənilərin hiyləsi, kələyi, pis niyyəti idi.
    20 Yanvara gedən yol Mixail Qorbaçovun SSRİ rəbərliyinə gəlməsi ilə başlamışdı. Qorbaçovu hakimiyyətə erməni mafiyası gətirmişdi. Ona görə də onları başına yığmışdı, onların dedikləri ilə oturub dururdu. Niyyətini həyata keçirmək üçün qarşısındakı maneə xalqımızın böyük oğlu Heydər Əliyev idi. O da SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdıqdan sonra əl-qolu açılmışdı. Qorbaçovun Qarabağı ermənilərə vermək üçün əlinə fürsət düşmüşdü. 
    Amma xalq küçələrə çıxdı. Ortaya iradə qoyuldu. "Ölərik torpağımızı düşmənə vermərik" dedi. Xalqın güclü iradəsi, birliyi "sovet rəhbəri"ni, ermənilərin dostunu qəzəbləndirmişdi.  
    1990-cı il yanvarn 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrini Bakıya və Azərbaycanın bir neçə rayonuna yeritdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə Və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və Nasosnı aerodromlarında, respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. 
    Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da  saat 21-dən əhaliyə heç bir xəbərdarlıq edilmədən Türkan-Qala tərəfdən şəhərə yeridildi. İş o yerə gəlib çatmışdı ki, "Bakı əməliyyatı"na rəhbərliyi  birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. 
    Onlar Bakıya "sakitlik" yaratmağa, "asayişi bərpa" etməyə gəldiklərini, qərəzlə, fitnə ilə, sifarişlə gəldiklərini elə ilk anda göstərdilər. Bakıda fövqəladə vəziyyət elan edilənə qədər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaraladılar. Yalnız kütləvi insan qırğını törədildikdən sonra  yəni - 20 yanvar 1990-cı il səhər saat 05:30-da radio vasitəsilə Bakı şəhər komendantı V. Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. 
    Dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qırğınlar törətdilər. İnsanlar evlərində, eyvanlarında, həyətlərində, küçə qapılarının ağzında amansızlıqla qətlə yetirildilər. Yaralıları daşımağa gələn təcili yardım maşınları atəşə tutuldu. O gecə xəstəxanaların da işığı söndürüldü. Bakı küçələri qan gölünə döndü.
    Qanlı Yanvar günündən sonra da fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 milyon 637 min rubl dəyərində maddi ziyan vuruldu.
    O gecə Qorbaçov azadlıq eşqimizi öldürmək istəyirdi. Ona görə də əmrində olanlara azərbaycanlılarla daha amansız davranmağı əmr etmişdi. Görünür, sovet rəhbəri bizi yaxşı tanımırmış, bizimlə zorun dili ilə danışmağın mümkün olmadığını anlamırmış. Gecəni güllə səsindən, tank gurultusundan yatmayan Bakı səhərə küçələrə azadlıq uğrunda, müstəqillik uğrunda mübarizə şuarları ilə çıxdı. Xalqımızın başına gətirilən bu faciəyə etiraz olaraq Kommunist Partiyasının üzvləri kütləvi surətdə partiya sıralarını tərk etdilər, biletlərini yandırdılar. Beləcə, Mixail Qorbaçovun SSRİ-ni möhkəmlətmək cəhdi iflasa uğradı.
    O ağır günlərdə xalqımız Ulu Öndər Heydər Əliyevin prinsipiallığına, təəssübkeşliyinə, Azərbaycanın haqlı mövqeyini, öz prinsiplərini həyatından üstün tutmasına da şahidlik etdi. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına əhəmiyyət verməyərək, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi. Ulu Öndərin verdiyi bu bəyanatdan sonra xalq mübarizə meydanında tək olmadığını, arxasında haqq səsini dünyaya yaya bilən bir qətiyyətli liderin olduğunu gördü.
    20 yanvar hadisələri müasir dövrün hüquq konsepsiyaları və bu sahədə qüvvədə olan beynəlxalq konsepsiyaların müddəaları ilə tamamilə üst-üstə düşməyən elementlərlə zəngindir.  Çünki, həmin dövrdə Bakıda dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə adamın öldürülərək yaşamaq haqqının əlindən alınması və yaralanması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından mərhum edilməsi, onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, eybəcər hala salınmış cəsədlərin qalıqları,qurbanlar arasında qadınlar, qocalar və uşaqlar, azərbaycanlılar, ruslar, tatarlar və yahudilərin olması faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin- insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi. Bütün bunlara heç bir əsasla bəraət qazandırmaq qeyri-mümkün idi. 
    Maraqladır ki, həmin dövrdə bu acınacaqlı faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmamışdır. Bəzi qərb ölkələri bu cinayətkar hərəkətləri  SSRİ-nin daxili işi hesab edərək, baş vermiş insan hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından yanaşmaqla, laqeyd və seyrçi mövqedə dayanmışlar.Məsələn, Böyük Britaniya və İtaliyanın XİN-i bəyanat verərək,  Azərbaycanda yaranmış vəziyyəti "SSRİ-nin daxili işi" kimi qiymətləndirirdi.  ABŞ isə Dövlət Departamentinin nümayəndəsi M. Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıda yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıq şəkildə dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəlmişdir.  Qərb dövlətləri anlayırdı ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədərək parçaladığı üçün, 20 yanvar hadisələri kimi anoloji faktlar onların "soyuq müharibə" planlarına və strateji məqsədlərinə tamamilə uyğun idi. 
    20 Yanvar cinayətlərinə bir başa rəhbərlik etmiş  keçmiş SSRİ müdafiə naziri, marşal D.Yazov  bir neçə il öncə verdiyi müsahibədə bu əmrin SSRİ rəhbərliyi tərəfindən verildiyini bildirmişdi.  O, müsahibəsində bildirir: " Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmirləri verən insan hər şeydən imtina edir. Mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki  insanlar həlak olurlar. Qoşunları mən daxil etdim, lakin bu mənim  "güllələ" əmrini verməyim demək deyil." Məsələ Yazovun dediyi kimi deyildi, ölkədə vətəndaş müharibəsi baş verməmişdi, hansı vətəndaş müharibəsindən söhbət gedə bilərdi? Bu SSRİ siyasi və hərbi rəhbərliyinin Azərbaycan əhalisinə qarşı törətdiyi beynəlxalq cinayət idi. Beynəlxalq cinayət hüquq normalarına görə, cinayətkar əmri planlaşdıran, əmri verən və onu icra edənlərin hər biri məsuliyyət daşıyır. Məlumdur ki, beynəlxalq cinayətlərə görə, iddia müddəti tətbiq olunmur, yəni beynəlxalq cinayət törətmiş şəxslər illər keçsə belə, məsuliyyətdən yayına bilməzlər, onlar aşkar olunduqları hər andan məsuliyyətə cəlb olunmalıdırlar. Bu baxımdan , 20 yanvar hadisələrinin beynəlxalq cinayət olmasının dünyada təbliğ olunması və cinayətkarların cəzalandırılması hələ də gec deyil. Beynəlxalq cinayət məhkəməsinin statusuna görə insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl əvvəlcədən planlaşdırılmalı və sistemli bir formada həyata keçirilməlidir.
    İnsanlıq əleyhinə cinayətlərin planlaşdırılması və həyata keçirilməsi bütün hallarda beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edir. Dövlətin cinayət siyasətini planlaşdırması və həyata keçirməsi beynəlxalq sülh və təhlükəsizliyi birbaşa və ya dolayı yolla qorxu altına alır, beynəlxalq səviyyədə sülhə və təhlükəsizliyə qəsd olunur. Baş vermiş cinayət əməli təbii ki, dövlət siyasəti və ya planı formasında həyata keçirilir, yəni bu əməl birmənalı şəkildə dövlət dəstəyi ilə törədilir, lakin planın dövlətə aid olduğu açıq formada bilinmir, məxfi saxlanılır. Unutmaq olmaz ki, Sovet qoşunlarının cinayətkar əməli nəticəsində 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Bütün bu əməl qəddarlıq və amansızlıqla törədilmişdir. İnanmaq istərdik ki, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş insanlıq əleyhinə cinayətlərə görə təqsirli şəxslər məsuliyyətə cəlb olunaraq cəzalandırılacaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fariz Vəliyev 
Politoloq

XƏBƏR LENTİ