Xocalı soyqırımı - bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi

 

            Xocalı azərbaycanlıların Qarabağda yaşayış məskəni idi. Ağdam-Şuşa, Xankəndi-Əsgəran yolları üzərində yerləşib, Qarabağda mühüm strateji əhəmiyyətə sahib olan yerdir. Orada, Qarabağda yeganə hava limanı var. 7000-dən artıq əhalisi var idi. Fərqanədən gəlmiş Məhsəti türkləri və Ermənistandan ermənilər tərəfindən qovulmuş azərbaycanlılardan da ora sığınanlar  var idi. Faciədən əvvəl Xocalıya şəhər adı verilmişdi.

            1992-ci il fevralın  25-dən 26-na keçən gecə dünyada olmuş soyqırımların tarixinə bir yenisi əlavə edilməsinə hazırlanırdı. Bu qırğında azərbaycanlılardan heç kimə aman yox idi: ağbirçək analara, ağsaqqal qocalara, hələ heç bir günah sahibi olmamış körpələrə,hətta dünyaya gəlməmiş, ana bətnində olan uşaqla da. Ermənilər hökmən  dünyanın bir gün oxuyacağı soyqırım sənədini qanlı güllələrlə yazırdılar. Ermənilərin təbliğatını müəyyən edən siyasət uzun illərdən bəri idi ki, belə hadisəyə doğru gizli olaraq gəlməkdə idi.

            Xocalı təsadüfən seçilməmişdi. Bura ermənilər üçün yalnız azərbaycanlıların yaşayış məskənindən başqa strateji cəhətdən çox mühüm idi. Ona görə ki, Xocalı Əsgəran qalası ilə Xankəndinin arasında yerləşirdi. Burada dəmiryolu və aeroport vardı. Ermənilər əvvəlcə Xocalının Azərbaycanla əlaqəsinin kəsilməsinə  çalışırdılar. 30 oktyabr 1991-ci ildən Xocalı ilə avtomobil əlaqəsi kəsilmişdi.  2 yanvar  1992-ci ildən Xocalı şəhərinin elektrik təminatı da kəsildi.

            Xocalı faciəsini bir təsadüfin nəticəsi olaraq görmək doğru deyildir. Ermənilər terrorla əlaqədar uzun müddətli  tarixi təcrübələrinə dayanaraq ictimaiyyəti yavaş yavaş buna hazırlayırdılar. İnsanları qətlə yetirməklə Dağlıq Qarabağda anarxiya psixologiyasını yerləşdirirdilər.

            Alışdırma tədbirlərinin statistikasına baxmaq lazım gəlir: Qarabağın dağ hissəsində 1988-ci ildə 5 nəfər, 1989-cu ildə 32 nəfər, 1990-cıildə 90 nəfər, 1991-ci ildə 150 nəfərdən artıq azərbaycanlı qətl edilmişdir.  Hələ 1991-ci il noyabr ayının 28-də Əsgəran rayonunun içərisində UAZ markalı avtomobildə 3 nəfəri qətlə yetirdilər. Bunlar, faciəni yaxınlaşdıran hadisələr zəncirinin bir halqası olub “baş məşqə” hazırlıq idi. Bu hadisənin olması ermənilərə yolu bağlamaq , bölgədə əlaqələri aradan qaldırmaq üçün lazım idi. Əlaqələr  kəsilmiş olarsa planlarını asan yerinə yetirə biləcəklərindən əmin idilər. Burada hər amilin yeri müəyyən edilmişdi.

            Xocalı  yalnız hava xətti vasitəsi ilə əlaqə saxlamağa məcbur edilmişdi. Xocalıda xalq müharibə elan edilmədiyi halda müharibə şəraitində yaşayırdı.

            Hər halda Xocalını dünya ilə birləşdirən  hava xəttinin nə qədər davam edəcəyi ermənilərdən asılı idi  və əvvəlcədən onu da planlaşdırmışdılar. Son olaraq  ermənilər yanvarıın 29-da   Xocalıdan vertalyot uçmasının da qarşısını aldılar.  Bundan sonra Xocalının mühasirəsini daha da daraltdılar.

            Ermənilərin Xocalıda həyata keçirdikləri, bölgənin dünya ilə əlaqəsinin kəsilməsi  onlar üçün heç də yeni deyildi. Anadoluda Birinci Dünya müharibəsi dövründəki üsyanlarda erməni komitələri xalqdan üsyan olacaq yerlə ətrafın əlaqəsinin kəsilməsi- telefon rabitəsinin aradan qaldırılmasını, bölgədə olan idarəçilərin öldürülməsini tələb edirdilər. Bu bir sıra amillər ilə əlaqədar idi. Birincisi ondan ibarətdir ki, bölgənin xarici aləmlə əlaqəsinin kəsilməsi onların müqavitə imkanını azaldırdı. İkinci isə başqaları hadisələri isti-isti görə bilmirdilər və ermənilər imkan tapıb “izləri” təmizləyə bilirdilər.

            366-cı polkun ermənilərin xidmətində olduğu kimsədən gizli deyildi. Azərbaycanda rus ordusuna qarşı başlanmış olan etirazların nəticəsində Dağlıq Qarabağdan hərbi hissələrin  və  Rusiya Daxili İşlər Nazirliyinin qoşunları çıxarıldığı halda, Xankəndində 366-cı motorlu piyada polku qalmışdı. Bu polk 23-cü Gəncə diviziyasına daxil idi.

             Bu məsələnin həll edilməsi 4-cü ordu komandiri general-mayor N. Q. Popovun səlahiyyətində idi. O zaman Azərbaycan İnfromasiya Agentliyi hökümət adından  6 fevral 1992-ci ildə general-mayor Popova müraciət edərək  bu sualın cavabını öyrənmək istəsə də generaldan cavab ala bilməmişdi.

            Əslində general lazım olan cavabı susması ilə vermişdi. Belə ki, 366-cı ordunun Xankəndində qalmasına tərafdar olduğunu  suala cavab vermədiyi halda ifadə etmişdi. Azərbaycan İnformasiya Agentliyi generaldan sualına cavab tələb edəndə  Xocalı qırğınına 19 gün qalırdı. Rusiyanın rəsmi kanallarında isə tez-tez bildirilirdi ki , Xankəndində  yerləşdirilmiş 366-cı polk azərbaycanlı erməni münasibətində bitərəfliyini qoruyur.

            Lakin bu “bitərəfliyin qorunması” bəyanatının düzgün olmadığı sonradam əsaslı faktlarla isbat edilmişdir. O zaman Azərbaycan kütləvi informasiya vasitələri  bu fakt haqqında dünya xalqlarına məlumat vermişdi. Sonradan  366-cı polkun Xocalı  qırğınında iştirak etməsi faktı MDB ölkələri birləşmiş qüvvələrinin komandanlığı , o cümlədən  Şapoşnikov tərəfindən də təsdiq edilmişdi.

            1922-ci il fevral ayının 25-də axşam saat 10-11 radələrində Xocalıya hücum başlandı. Ermənilərin  qırğın hadisələrində hər yerdə həyata keçirdikləri ssenarilərindən biri də başqa dövlətin  köməyindən istifadə etmələridir.  Bu dəfə Xocalıya hücumda onların daha fərqli imkanları var idi. Bu, hər şeydən əvvəl onların rus birlikləri ilə olan əməkdaşlığına aid idi.  O zaman MDB-nin hərbi qüvvələrinin 366-cı polku da Dağlıq Qarabağda – Xankəndində idi.

            Azərbaycan Xalq Cəbhəsinin Məlumat Mərkəzindən bildirildi: “ 25 fevral yerli vaxtla saat 21-də keçmiş sovet ordusunun Xankəndində  yerləşmiş 366-cı polku erməni silahlı birlikləri ilə tankla, iki həftə mühasirədə olan Xocalıya  hücuma keçdi”.

            “Xocalı ilə əlaqə kəsildiyindən oradaki hadisələri tamam vermək və faciənin bütün yönlərini müəyyən etmək çox çətindir.” Ona görə ki, o zaman bunu bir başa Xocalıdan deyil, Şuşadan, Ağdamdan və onun ətrafında olan yerlərdən alınan məlumatlara əsasən müəyyən edirdilər.

            Ermənilərin fevralın 25-ni gözləmələri də bir sıra səbəblərlə əlaqədar olmuşdu. Əsası ondan ibarətdir idi ki, o vaxta qədər ermənilər Xocalıya hücum edə biləcək miqdarda texnikaya sahib deyildilər və lazım olan dəəstəyi ruslardan yox idi. 366-cı polkun birlikləri və texnikası onlarla birləşdikdə hərəkətə keçdilər və Xocalını yer üzündən sildilər. “1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin dinc əhalisinə misli bərabəri görünməyən divan tutdu. Tariximizə  Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının qətlə yetirilməsi, əsir alınması, işgəncə verilməsi və şəhərin yerlə-yeksan edilməsi ilə qutardı.

            4 mart 1992-ci il tarixində Moskvada Azərbaycan nümayəndəliyində keçirilən mətbuat konfransında da 366-ci motorlu piyada polkunun əsgərlərinin  Xocalı qırğının da iştirak etmələri bildirilmişdi. Sonradan məlum olmuşdur ki, Xocalıya hücumda “40-ə qədər  texnika – BMP, BTR və 366-cı polka məxsus tanklar iştirak etmişdilər.

            Xocalı soyqırımının nəticələri günbəgün dəqiqləşdirilməyə çalışılırdı. 2 mart 1992-ci il tarixində “Azərbaycanda demokratik islahatlar və insan haqları” beynəlxalq hərəkatı “Dünya xalqlarına” müraciətini yaymışdı. Müraciətdə göstərilirdi:  “26 fevral 1992-ci ildə gecə erməni milli ordusu və MDB-nin 366-cı polkunun iştirakı ilə Xocalı şəhəri yer üzündən silindi. Hücum edənlər qadınlara, uşaqlara və qocalarada rəhm etmədilər. Qaçanları pulemyotla öldürür və ya tanklarla  taptalayırdılar. Bunları yalnız faşistlərin cinayəti ilə müqayisə etmək olar” Sonda bildirildi: “xalq öz torpağında genosidə məruz qalır!”

            Xocalı faciəsi gizlində deyil, dünyanın gözləri qarşsıında həyata keçdi. Faciədən sonra Qərbin televiziya jurnalistləri hadisə yerinə getmək istədikdə, erməni silahlıları tərəfindən qarşısı alınmışdır. Bu fakt dünya mətbuatına verilməsinə baxmayaraq erməniləri dəstəkləyən qüvvələr ona o qədər də əhəmiyyət vermədilər. Buna baxmayaraq Qərbin telejurnalistləri  bir sıra yerlərdə, o cümlədən Xocalının ətrafında qətl edilənləri görmüş və onları lentə ala bilmişdilər. Onlar 50-yə qədər eybəcərləşdirilmiş cəsədi lenta almışdılar.

 

            O zaman ermənilərin soyqırımını tarixləşdirilməsində və dünyaya çatdırılmasında Azərbaycan Televiziyasının müxbiri Çingiz Mustafayev əsas rol oynamışdır. Ermənilərin mane olmasına, soyqırım olan yerə getməyə imkan vermədiklərinə baxmayaraq o, həyatını riskə ataraq xocalıların qırğına məruz qaldıqları yerlərə gedə bilmiş və əsrin soyqırımını lentlərə köçürərək əbədiləşdirə bilmişdir.  Çingiz Mustafayevin videokadrları bütün dünyada göstərilmiş, ermənilərin Xocalı soyqırımı ilə dünyanı tanış etmişdi.

            Videolentlərdən məlum olur ki, ermənilər 2-15 yaşında olan uşaqlara silahı başına dirəyərək atəş açmış, qadınları və yaşlıları güllələmişlər.  İnsanların soyqırıma məruz qaldıqlarını gösətərən ən mühüm amil ondan ibarət olmuşdur ki, qətlə yetirilənlərin müqavimət göstərmək üçün heç bir imkanları olmamışdır. Hətta qaçmaq imkanı olmayanlar da güllələnmişlər.

            Videolentlər üzərində tədqiqat aparıldıqda çox maraqlı faktlar aşkar edilmişdi. Öldürülənlərin böyük əksəriyyəti başından vurulmuşdu. Bu o deməkdir ki, ermənilər yaralıları da güllələmişlər. Videolentdə ermənilərin XX əsrin əvvəllərində Anadoluda və Azərbaycan da həyata keçirdikləri qırğınlar təkrar edilirdi. Qətlə yetirilmiş uşaqların qulaqlarını kəsmişlər. Yaşlı bir qadının üzünün sol dərisini kəsib götürmüşlər.Kişilərin başın kəsmişlər.

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi."

             

Fariz Vəliyev

Politoloq

 

 

 

 

 

\

 

 

 

XƏBƏR LENTİ