ATƏT-in Minsk Qrupunun yaradılması, səyləri və nəticələri

 

1992-ci ilin əvvələrindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tədricən beynəlxalq xarakterli münaqişəyə çevrilməyə başlayır. 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Avropadan Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) üzvü oldu və həmin il iyulun 8-10-da ATƏM-in Helsinkidə keçirilən zirvə toplantısında onun sənədlərini imzaladı. Müstəqilliyini qazanan Azərbaycan Respublikası ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi də bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin daha çox diqqət obyektinə çevrildi. 
    ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağdakı vəziyyət müzakirə edildi və "münaqişənin sülh yolu ilə nizama salınması istiamətində aparılan danışıqların səmərəliyini artırmaq məqsədi ilə" "ATƏM-in Dağlıq Qarabağa dair xüsusi sülh konfransının çağırılması haqqında"qərar qəbul edildi. Qərara görə Minskə çağırılacaq  bu konfrans iki böyük region ölkəsi- Türkiyə və Rusiya, dörd Qərbi Avropa dövləti- Fransa, Almaniya, İtaliya və İsveç, iki Şərqi Avropa ölkəsi- Çexiya və SLovakiya, iki münaqişəni edən ölkə- Azərbaycan və Ermənistan, həmçinin ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməli idi. 
    1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münanqişəsinin mahiyyətini dəyişərək  yeni siyasi problem yaratdı və sülh missiyasını üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda ciddi maneəyə çevrildi. Minsk qrupu  çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması, xüsusilə,  Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin mövqeyində də yekdil fikrin olmaması sülh prosesinin ləngiməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxardı. 
    Ermənistan-Azərbaycan münaqişəsinin vasitəçilik tarixini şərti olaraq mərhələlərə bölsək, onların hər birinin xeyli dərəcədə Rusiya-Qərb qarşıdurmasının xarakterindən asılı olduğunu görmək olar. 1992-ci ilin martında Minsk qrupu yaradılan zaman Rusiya bütövlükdə bu təşəbbüsü müdaifə etsə də,  dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair "vasitəçilik səylərinin fəallaşmasını" narahatlıqla qarşılamağa başladı. Belə bir vaxtda Rusiya münaqişənin dinc vasitələrlə həlli prosesində təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa və bununla da regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərdi. 
    Məqsədlərinə nail olmaq üçün Rusiya, ərazi bütövlüyünə və vətəndaşlarının təhlükəsizliyinə heç bir ciddi təminat vermədən, Azərbaycana hərbi-strateji təyziq göstərərək, qoşunlarını "sülhməramlı qüvvələr" adı altında münaqişə bölgəsinə gətirmək niyyətində idi. Lakin məqsədinə nail ola bilmməyən Rusiya Ermənistanda qoşunlarının sayını bir qədər artırdı, bu ölkəni gizli və aşkar yolla silahlandıraraq, Azərbaycan ərazilərinin daha geniş miqyasda işğal olunmasına dəstək verdi. 
    1997-ci ilin əvvələrində Rusiyadan Ermənistana qanunsuz olaraq dəyəri 1 milyard  ABŞ dollarından çox olan müasir hərbi silah-sursatın verilməsi haqqında faktlar üzə çıxan zaman məlum oldu ki,  bu silahlar 1993-cü ildən etibarən, yəni Ermənistan ilə Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi vaxtdan göndərilmiş və nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən  Azərbaycan ərazilərinin işğal edilməsinə ciddi şərait yaradılmışdır. Ermənistanın Rusiya tərəfindən silahlandırılması prosesi atəşkəs elan ediləndən sonra da davam etmişdir. 
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev dövründən  başlayaraq xarici siyasət fəaliyyətində əsas yer tutmuşdur. 
    Prezident Heydər Əliyev bu məqsədlə Azərbaycanın təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmin müzakirəsinə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. 
    Heydər Əliyevin qətiyyəti, əzmkarlığı  və gərgin fəaliyyəti sayəsində 1994-cü il mayın  12-də  atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 
    1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında qqəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənəd- bəyanat Ermənistan Azərbaycan münaqişəsinin aradan qaldırılmasının üç əsas prinsipini ortaya qoydu : 
    1. Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyünün tanınması 
              2. Razılaşma əsasında Azərbaycan tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə prinsipinə söykənən ən yüksək özünü idarəetmə hüquqi statusunun verilməsi.
              3.  Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə beynəlxalq təminat verilməsindən ibarət idi.     
    1997-ci ilin ikinci yarısında Minsk qrupunun həmsədrləri  Lissabon prinsiplərinə əsaslanaraq, Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olununmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi dair bir neçə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.) , həmin ilin sentyabrında irəli sürdükləri ikinci təklif isə münaqişənin "mərhələli" (bu variantda münaqişənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu.) həllindən ibarət idi. Azərbaycan tərəfi verilən təkliflərlə tam razı olmasa da, sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin təkliflərini ümumi olaraq qəbul etmişdir. Ermənistan tərəfi isə hər iki halda qeyri-konstruktiv mövqedən çıxış edərək təkliflərlə razılaşmamışdır. 
    1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbulu qeyri-mümkün hesab edilən üçüncü təklif irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, həm də ATƏT-in Budapeşt və Lissabon zirvə toplantılarında qəbul olunmuş sənədlərə etinasız yanaşmanın göstəricisi idi. 
    ATƏT-in Minskp qrupunun  son təklifindən Azərbaycan tərəfi birmənalı şəkildə imtina etdikdən sonra, 1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin ( ABŞ, Rusiya, Fransa) başçılarına məktubla müraciət etdi. Minsk qrupunun fəaliyyətini xüsusilə, həmsdərlərin axrıncı təklifini ciddi surətdə tənqid edən dövlət başçısı "ümumi dövlət" ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə xeyli zərər verdiyini göstərməklə yanaşı, ABŞ, Fransa və Rusiya dövlət başçılarının münaqişənin ədalətli həlli və tezliklə aradan qaldırılması üçün səylərini ciddi surətdə artırmağa çağırıb. 
    2004-cü ildən başlayaraq Minsk qrupu həmsədrləri "Praqa prosesi" adlanan üçtərəfli danışıqlar çərçivəsində (Misnk qrupu, Ermənistan və Azərbaycan) "Madrid Prinsipləri" kimi tanınan dördüncü təkliflər paketini irəli sürmüş və tərəflərin müzakirəsinə təqdim etmişlər. 
    "Madrid Prinsipləri" əsasında həmsədrlərin iştirakı ilə və onlarsız Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidentləri Koçaryan və Sarkisyanla iyirmiyə yaxın ikitərəfli və çoxtərəfli görüşlər keçirsə də, mövqeləri uzlaşdırmaq  mümkün olmamışdı. Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyi ilə münaqişənin həllinə çətinliklər törədirdi. 
    Münaqişənin həlli istiqamətində növbəti cəhd 15 fevral 2010-cu ildə ATƏT-in yeni sədri, Qazaxıstanın xarici işlər nazirinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutmuşdur. Bakıda onun Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə vurğulamışdır ki, ATƏT münaqişənin həlli istiqamətində öz səylərini artıracaq. Lakin ATƏT-in Astanada keçirilən son sammitində də bu problemin həlli ilə bağlı nə hansısa qərar qəbul edildi, nə də həmsədr ölkələr tərəfindən işğalçı Ermənistana hər hansısa bir təyziq göstərildi. 
    ATƏT-in münaqişənin din yolla həll edilməsi istiqamətində son cəhdi  19 noyabr 2013-cü ildə Avstriyanın paytaxdı Vyanada olmuşdur. 

 

Fariz Vəliyev 

Politoloq

XƏBƏR LENTİ