Qarabağ münaqişəsinin tarixi kökləri

 

Tarixi və ədəbiyyatın təhlili göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının, etnik təcavüzünün başlıca məqsədi onun torpaqları hesabına öz dövlətinin yaradılması və sonradan müxtəlif yollarla bu dövlətin ərazilərinin genişləndirilməsi, "Böyük Ermənistan" adlanan xulyanın gerçəkləşdirilməsindən ibarət olmuşdur.
    Strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsində erməni əhalisinin yerləşdirilməsi XIX əsrin əvvələrində, xüsusilə Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında Rusiya və İran arasında bağlanan 1828-ci il Türkmənçay  sülh müqaviləsindən sonra baş vermişdir. Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda müstəmləkəçilik siyasətinin yeni mərhələsi də məhz XIX əsrin 20-ci illərin sonundan etibarən başlamışdır. Rus çarizmi Azərbaycanın Qarabağ bölgəsində xristianların sayını artırmaqla bu regionda nüfuzunun möhkəmlənməsi və müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün real zəmin yaratdı. 
    Rusiyanın Qafqazı işğal etməsini N. N. Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsi haqqında yazırdı: "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqazda rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və  Yelizavetpol quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi." 
    XIX əsrin sonu- XX əsrin əvvələrində də ermənilərin cənubi Qafqaza köçürülməsi davam etdirilirdi. Təkcə 1896-cı ildən 1908-ci ilə kimi keçən 13 ildə Cənubi Qafqaza 400 min erməni köçürülmüşdür. 1911-ci ildə N. N. Şavrov bu barədə yazırdı: "1896-cı ildə general-leytenant Şermetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu  göstərmişdir. 1908-ci il də isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən  artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan  1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük." 
    Ermənilər Azərbaycan ərazilərinə köçürülməsi İrəvanda və Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş  və onların gələcək ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur. İndiki Ermənistan dövlətinin yerləşdiyi tarixi Azərbaycan torpağı olan İrəvan Xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal olunanda əhalinin 73,8 faizi (dörddə üçü) müsəlman türklərdən ibarət idisə, erməni köçürmələri və azərbaycanlılara qarşı deportasiya və genosid siyasətinin nəticəsində hal-hazırda Ermənistanda azərbaycanlı əhali qalmamışdır. "Böyük Ermənistan" yaratmaq xülyasına qapılan erməni millətçiləri və qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı  açıq şəkildə genişmiqyaslı aksiyalar həyata keçirdilər.  Onlar Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətdilər. 
    1918-ci ildə Azərbaycan və Ermənistan Respublikaları müstəqilliklərini elan etdikdən dərhal sonra Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilər  Ermənistanın millətçi dairələrin təhriki və təyziqi ilə Azərbaycan hakimiyyətini tanımaqdan imtina etdilər. Ərazi bütövlüyü qorumaq saxlamağı və vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyətinin movcud olduğu dövrdə (1918-1920) Ermənistan tərəfindən Qarabağın dağlıq hissəsini diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Sonrakı illərdə hər üç Cənubi Qafqaz respublikalarının müstəqilliyini itirərək Sovet Rusiyasının tərkibinə qatılması ərazi-sərhəd məsələləri qoyuluşunun özünü də mənasız etdi. Lakin cənubi Qafqazda sovet hakimiyyətinin qurulması  da Dağlıq Qarabağ məsələsini bir çox millətçi, seperatçı erməni təşkilatlarının gündəliyindən çıxarılmadı. 
    Sovet dövründə Dağlıq Qarabağ məsələsinin qaldırılmasına ermənilər və onların himayədarları  bir neçə dəfə cəhd göstərsələr də, məqsədlərinə çatmağın qeyri-real olduğunu görərək, müəyyən məqam gözləmək qərarına gəldilər. Belə bir məqam isə 1985-ci ildə SSRİ rəhbərliyinə gəlmiş M. Qorbaçov və onun yaxın ətrafının ermənipərəst mövqe nümayiş etdirməsi nəticəsində yetişdi ki, ermənilər ondan dərhal istifadə etməyə başladılar. 

 

Fariz Vəliyev 

Politoloq 

XƏBƏR LENTİ